Sığortaçılar Assosiasiyası ilə Banklar Assosiasiyası arasında - MEMORANDUM İMZALANIB
Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Əməkdaşlığın həyata keçirilməsi məqsədilə ABA və ASA tərəfindən birgə layihə şurası təsis edilib, müxtəlif ekspert işçi qrupları yaradılıb. Azərbaycanda sığorta sektorunun aktivləri 18% artıb FED.az xəbər verir ki, bununla bağlı oktyabrın 6-da ASA ilə ABA arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ASA-nın icraçı direktoru Elmar Mirsalayev və ABA-nın rəhbəri Zakir Nuriyev imzalayıblar. Bildirilib ki, yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud risklərə qarşı sığorta təminatının genişləndirilməsi, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim olunmasını nəzərdə tutur. Sözügedən platforma çərçivəsində ilk addım olaraq istehlak kreditləri müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulub. İstehlak kreditləri üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə qarşı əlverişli sığorta təminatını həyata keçirir. Bu məqsədlə uğurlu dünya təcrübələri dərindən öyrənilib, yerli xüsusiyyətlər tədqiq edilib, bu əsasda istehlak kreditləri müştəriləri üçün həyat sığortası mexanizminin daha əlverişli şərtlərlə formalaşdırılması qərara alınıb. Yaxın zamanlarda kredit həyat sığortası ilə bağlı yeni şərtlər tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması, habelə maliyyə bazarlarının uzunmüddətli perspektivə hesablanmış dayanıqlı inkişafının təmin olunması məqsədilə silsilə məqsədyönlü addımlar atır. Mərkəzi Bankın intellektual dəstəyi ilə banklar və sığortaçılar arasında formalaşdırılan yeni əməkdaşlıq platforması da bu addımlardandır. (Azərtac)